Xəbərlər

Апрель 15
2020
Koronavirusun hamilələrə təsiri var?

 Artıq 3 aydır dünyanı əsarəti altına alan koronavirus pandemiyası əhali arasında kifayət qədər təşvişə səbəb olub. Xəstəlik haqqında Kütləvi İnformasiya Vasitələri və sosial şəbəkələrdə çox fərqli informasiyaların yayılması, insanlar arasında kifayət qədər təzadlı fikirlərin formalaşmasına gətirib çıxarıb. Xüsusi ilə ana olmağa hazırlaşan hamilə xanımlar, virusun törədə biləcəyi fəsadlarla bağlı ciddi naratlıq keçirir. 

Koronavirus pandemiyası və onun hamilələrə mümkün təsirlərini araşdırmaq üçün tanınmış ginekoloq, tibb üzrə fəlsəfə doktoru Rəxşəndə Aslanova ilə müsahibəni sizlərə təqdim edir.
 
- Rəxşəndə xanım, öncə bilmək istəyərdik ki, koronavirus infeksiyası nədir və hansı mümkün təhlükəsi var?
- Qeyd edim ki, koronaviruslar insan və ya heyvanlar arasında yayıldığı sübut edilmiş patogen xüsusiyyətləri olan geniş viruslar ailəsidir. Bu viruslar elmə hələ 1960-cı illərdən məlumdur. Ümumi quruluşunda zülallar, membran və nukleokapsidlər olan virus, elektron mikroskopla baxıldıqda "tac” şəkilli görüntüsü verdiyi üçün ona latın dilindən götürülmüş "korona” adı verilib. Koronaviruslar insanlarda adi soyuqdəymədən tutmuş daha ciddi xəstəliklərə qədər fəsadları törədə bilər. 2003-cü ildə yayılan Ağır Kəskin Tənəffüs Sindromunu (SARS) və 2012-ci ildə yayılan Yaxın Şərq Tənəffüs Sindromunu (MERS) buna misal olaraq göstərə bilərik. Hazırda Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilmiş "COVİD-19” adlandırılan virus isə  yeni koronavirus növüdür. Bu virusun inkubasiya dövrü (yəni xəstəliyin aşkara çıxma müddəti) bir qədər uzun olması və yoluxmuş şəxsin asqırması və ya öskürməsi zamanı ağız və burun boşluğundan havaya buraxılan kiçik damcılar vasitəsilə rahatlıqla keçə bilməsi onun yüksək keçiricilik qabiliyyətini göstərir. Bu da təbii olaraq, bütün dünyaya yayılmağa səbəb oldu. Təhlükəyə gəlincə, istənilən hər hansı bir virus, əlavə xəstəlikləri olan və yaxud immun sistemi zəif olan insanlarda fəsadlar törədə bilər. Əlbəttə ki, yeni koronavirusun da kifayət qədər təhlükələri var, xüsusi ilə qeyd edim ki, bizim immun sistemimiz "COVİD-19”u tanımır, ona görə də bədənimiz bəzən bu virusa qarşı heç bir reaksiya vermir, bəzən də həddən artıq reaksiya verərək ağırlaşmalara səbəb olur. Lakin, bir çox insanın bu virusu heç bir əlamətsiz belə keçirdiyi müşahidə olunmaqdadır. 
- O zaman bəzi insanlar heç bir əlamət olmadan belə bu xəstəliyi keçirəcəkmi?
- Bəli, Ümumdünya Səhiyyə Təşkilatının açıqlamalarından görürük ki, virusa yoluxmuş bir çox insanda heç bir əlamət halı müşahidə olunmur. Hesablamalara görə təxminən 80 faiz insan bu xəstəliyi kiçik soyuqdəymə əlamətləri ilə keçirəcək və sağalacaq. Lakin diqqət edilməli olan əsas məqam, həmən şəxslərin digər daha həssas risk qrupu insanlara keçirə bilməsi ilə əlaqədardır. "Süper daşıyıcı” adlandırdığımız bu insanlar, özləri heç bir fəsadla qarşılaşmasalar da, digər risk qrupunda olan şəxslər üçün təhlükəli ola bilərlər. Xüsusilə immun sistemi zəifləmiş insanlarda, yaşlılarda, ürək - damar və arteryal təzyiq problemləri olan,  ağciyər, diabet və digər bu kimi xroniki xəstəlikləri olan insanlarda infeksiyanın ağır keçmə ehtimalı daha yüksəkdir. Hətta xəstələnənlər arasında bununla bağlı dünyasını dəyişənlər dünya üzrə 2 fazir təşkil edir. Lakin bu da ümidsizliyə səbəb olmamalıdır, hazırda dünya üzrə xəstəlikdən sağalanların da sayı kifayət qədər çoxdur.
- Hamilələrlə bağlı suala keçməzdən öncə bilmək istəyərdim ki, xəstəlik əsasən hansı siptomlarla və neçə müddətə özünü biruzə verir?
- Bu xəstəliyinin ən geniş yayılmış əlaməti tez-tez baş verən quru öskürək, yüksək hərarət, oynaqlarda, baş hissədə ağrı, ümumi halsızlıqdır. Lakin deyim ki, xəstəlik tibb elmi üçün yenidir və onun tədqiq edilməsi prosesi davam edir. Bəzən dad bilmənin itməsi, burun axması, ishal kimi müxtəlif fərqli simptomları da müşahidə edilir və adətən bu qeyd olunan əlamətlər tədricən inkişaf edir və bəzən təəssüf ki, ağırlaşmalara səbəb olur. Xəstəliyin aşkarlanması, yəni inkubasiya dövrü isə ümumilikdə 14 gün müddətində ola bilər. Əsasən isə, 5-7-ci günlərdə artıq özünü biruzə verməyə başlayır. 
- Rəxşəndə xanım, hamilə xanımların bu xəstəliyə yoluxma riski nə qədərdir?
- Təbii olaraq, "COVİD-19”un pandemiya halını almasından sonra bizə bu haqda kifayət qədər suallar ünvanlanır. Hətta "virusun anadan övlada keçmə ehtimalı var mı", "südəmər uşağa keçmə ehtimalı varmı" kimi çoxlu suallar verilir. Bayaq qeyd elədiyim kimi, xəstəlik yenidir və tədqiqat prosesi davam edir. Öncə deyim ki, bəli hamilə xanımların da bu virusa yoluxma ehtimalı var. Artıq bununla bağlı bəzi statistik məlumatlar Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yayımlanır. Lakin hamilələrin xüsusi risk qrupuna aid olması fikri doğru deyil. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının koronavirus daşıyıcısı olan 147 hamilə ilə bağlı açıqladığı raporta əsasən, onlardan sadəcə 8 nəfərində xəstəlik şiddətli olub və ancaq 2-si reanimasiyaya yerləşdirilib. Bu günə qədər hamilə olanlar arasında yeni koronavirusla bağlı ölüm halı olmayıb. Anadan övlada keçməsi də təsdiqlənməyib. Bu günə qədər sadəcə 1 yeni doğulan uşaqda bu virus aşkarlanıb, lakin onun da anadan keçməsi hələ təsdiqlənməyib. Digər bir tətqiqat İngiltərədə aparılıb. Doğum və Qadın Xəstəlikləri üzrə Kraliyyət Kollecinin (RCOG) apardığı tədiqiqatlarda bildirilir ki, hamilə xanımlar cəmiyyətdəki digər insanlara nisbətən koronavirus riski az daşıyırlar. Virusun hamilə xanımlardan bətndəki uşağa keçməsi və südəmər uşağa keçməsi ilə bağlı heç bir dəlil yoxdur. Eyni zamanda amniotik maye və ana südündən götürülmüş nümunələrdə də virus aşkarlanmayıb. Bütün bunlarla yanaşı yenə qeyd edim ki, hamilələrin yaşadığı fizioloji dəyişikliklər onların bəzi infeksiyalara yoluxma risklərini artırır. Ona görə də, tədbirli olmaq, davamlı həkim nəzarətində olmaqda fayda var.
- Həkim, hamilələr hansı xüsusi qoruyucu tədbirlərə riayət etməlidirlər? 
- Bu xəstəlik insanlardan birbaşa hava damcı yolu ilə və gigiyena qaydalarına əməl edilmədiyi hallarda baş verir. Xüsusi ilə, virus müxtəlif səhtlərdə bir müddət qala bilir. Bu səthlərə əl ilə təmas etdikdə və daha sonra ağız, burun və gözə toxunduqda virusla yüklənmə baş verir. Eyni zamanda hər hansı bir əşyanın burun, ağız və gözünüzlə təmasından yoluxma baş verə bilər. Ona görədə xəstəliyin ilk meydana çıxdığı dövrdən həkimlər əl gigiyenasına xüsusi əhəmiyyət verilməsini qeyd edirdilər. Eyni zamanda bir başa insan təmaslarının azaldılması, sosial izolyasiya  tədbirlərinin görülməsinə xüsusi diqqət yetirilməsi lazımdır. Hamilələr də digər insanlar kimi, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə ciddi əməl etməlidirlər. Ümumiyyətlə xüsusi ehtiyac olmadıqda evdən çıxmasınlar. Yolda, avtobusda və ya digər məkanlarda 3 addımlıq ara məsafəsini saxlasınlar.  Evə gəldikdə əlləri sabun və su ilə ən azı 20 saniyə ərzində yusunlar. Evdən çıxdıqda özləri ilə tərkibi ən az 70% -lik spirt olan əl təmizləyici vasitələrdən götürüb istifadə etsinlər. Evə gəldikdən sonra, üst paltarlarını ən az 3-4 saat eyvanda havalandırsınlar. Xüsusi ilə, ayaqqabılar çöldə çıxarılmalı, dezinfeksiya edilib, şkafa qoyulmalıdır. Əlbətdə ki, bu qaydalara onların ailə üzvləri də ciddi əməl etməlidirlər. Evdə şəxsi əşyalarını digər insanlarla bölüşməsinlər.  Ailənin ümumi istifadə etdiyi bütün sahələri ara sıra dezinfeksiya edici məhlullarla təmizləsinlər. Ən əsası psixolojik gərginlik keçirməsinlər. 
- Maska və əlcəkdən istifadə etmək necə vacibdirmi?
- Düzgün istifadə qaydalarına əməl etməklə maska və əlcək istifadəsi lazımdır. İlk öncə qeyd edim ki, N95 adlandırdığımız, filterli maskalar əsasən tibb personalı üçün nəzərdə tutulub. Gündəlik həyatda insanların bu maskalardan istifadə etməsi lazım deyil. Sadə maskaları isə profilaktik məqsəd üçün taxmaq lazımdır, yəni bu maskalar sizi virusdan qorumur. Virus təxminən 3 mikron böyüklüyündədir. Bu da istifadə etdiyimiz maskadan asanlıqla keçə bilər. Lakin, bu maskaları taxmaqda əsas məqsəd bayaq qeyd etdiyim kimi, heçbir əlamətləri hiss edilməyən daşıyıcılar üçün lazımdır. Bu maskalar onlarda, asqırma və öskürmə zamanı ağız damcılarının önünü kəsərək, digər insanlara yayılmasının qarşısını nisbətən alır. Əlcəklərə gəldikdə isə, onları istifadə edərkən də, yenə əl ilə üzün təması olmamalıdır və tez - tez dezinfeksiya edilməli, sabunla yuyulmalıdır.  
- Rəxşəndə xanım, sosial şəbəklərdə virusdan qorunmaq üçün müxtəlif vitaminlər və bitkilərdən istifadə edilməsi ilə bağlı bəzi informasiyalar yayılır. Buna münasibətiniz necədir?
- Qeyd edim ki, "COVİD-19” pandemiyası sadəcə sağlamlıq fəsadları ilə deyil, eyni zamanda cəmiyyətdə formalaşdırdığı təşviş və panikayla da insanlar üzərində öz mənfi təsirlərini göstərdi. Hərkəs, gün ərzində sosial şəbəkələrdə çoxlu kirli informasiyalarla qarşı  qarşıya qaldılar. Qeyd edim ki, vitamin istifadəsi və ya hər hansı bir bitgilərdən istifadə kortəbii olmamalıdır. Mütləq həkim göstərişi və nəzarəti ilə həyata keçirilməlidir. Bu gün məlumdur ki, virusa qarşı dərman hələ ki mövcüd deyil. Eyni zamanda hər hansı bir vitamin və ya bitginin virusun müalicəsinə bir başa təsiri kliniki olaraq isbat edilməyib. Ona görə də, hamilə xanımlar bu tip vitamin və bitgilərdən həkim nəzarəti olmadan qəti istifadə etməsinlər. Mən bir həkim kimi tövsiyyə edirəm ki, gündəlik 8 saatlıq yuxu rejiminə riayət etməklə, təbii qidalanmaq, gündəlik gimnastik hərəkətlər etmək və ən əsası psixolojik gərginlik yaradan hər cür informasiyadan uzaq olmaqla immun sistemlərini gücləndirə bilərlər. 
- Son olaraq ümumilikdə yeni koronavirusla bağlı tövsiyyələriniz nələrdir?
- Son olaraq qeyd edim ki, "COVİD-19” xəstəliyi ilə bağlı görülən karantin tədbirlərinə ciddi əməl edilməlidir. Çox təəsüf ki, cəmiyyətdə xəstəliyə qarşı birmənalı yanaşma yoxdur. Bəzi şəxslər xəstəliyə qarşı həddən artıq həssaslıq göstərərək, psixolojik sarsıntı keçirir, bəziləri isə çox laqeyid yanaşma göstərərək həm özlərinə, həm də digər insanlara zərər verirlər. Bu xəstəlik ciddidir, lakin Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələrinə  və dövlətin qoyduğu qaydalara əməl edərək, virusun daha çox fəsadlar törətməsinin qarşısı alına bilər. Bu gün dünyanın heç bir yerində xəstəxanalar kütləvi pasient qəbulu həyata keçirmək gücündə deyil. Bunun üçün həm xəstə yatağı, həm də tibbi personal kifayət etmir. Ona görə də, dünyanın inkişaf etmiş ölkələrində bu məsələ ilə bağlı acınacaqlı hallar baş verir. Yaddan çıxarmamaq lazımdır ki, sadəcə bu xəstəlik deyil, yüzlərlə digər xəstəliklərdən əziyyət çəkən insanlar var və tibb personalı onları da müalicə etməlidirlər. İnsanlar sadəcə sosial izolyasiya və karantin tədbirlərinə əməl edərək, bir növ həkimlərə kömək etmiş olurlar. Birdə fürsətdən istifadə edərək, canları bahasına da olsa fədakarca insanlara xidmət edən qəhrəman həkim həmkarlarıma, bütün tibbi personala öz dərin minnətdarlığımı bildirirəm. Əziz bizi izləyən insanlara da deyirəm ki, biraz səbrli olsunlar, yaxında hər şey çox yaxşı olacaq. Çünki biz birlikdə güclüyük.