Xəbərlər

Fevral 19
2021
Qazimiz təmənnasız əməliyyat olundu
Əməliyyatı oftalmoloq t. ü. f. d. Mahir Əhmədov reallaşdırıb.
 

Həkim bildirib ki, qazimiz yanvarın 25-də xəstəxanaya müraciət edərək gözündəki zədədən əziyyət çəkdiyini bildirib: “Sol gözünün partlayış nəticəsində kombinə olunmuş çoxsaylı qəlpəli yaralanmalarından şikayətçi idi. Pasiyent buna qədər iki yerdə, bir dəfə ön xəttə hospitalda, bir dəfə də Hərbi Hospitalda əməliyyat edilmişdir. Gözündə çoxsaylı qəlpələr mövcud idi. Həm göz qapağını hərəkət etdirən əzələnin sinirini zədələyib qalmış qəlpələr, həm də bir qədər böyük hissəsi alın sümüyünün qaş nahiyəsindən göz yuvasına daxil olaraq gözün yumşaq toxumalarını zədələyərək yaş axarlarının altına keçib arxa hissəsini daraltmışdır. Kifayət qədər mürəkkəb yaralanma olduğundan həkimlər qəlpələrin çıxardılmasını məsləhət görməmişdirlər. Uğursuz əməliyyat nəticəsində göz qapağının ömürlük iflici və zədələnmiş yaş axarlarının düzgün olmayan fəaliyyəti nəticəsində gözdaxili infeksiya yaranması səbəbindən görmə qabiliyyətinin itirilməsi mümkün idi. Biz bu əməliyyatı üzərimizə götürdük, yerli keyitmə ilə təxminən saat yarım çəkdi. Bir həftədən sonra təkrar müayinəyə gəldi, hər şey qaydasında idi. Tikişləri sökmüşük, çapığı qalmayıb. Daha çox şikayətləri ağrılardan idi, gözünə əl vura bilmirdi, sızılıtılar var deyirdi, göz qapağının hərəkəti məhdudlaşmışdır. Dəmir qalıqları paslanma verirdi, bu da vəziyyəti daha da ağırlaşdırırdı. Qazimiz özü də çox razı qaldı əməliyyatdan, hazırda gözün funksiyası tam bərpa olunub. Biz həmçinin xəstənin sümüyündə də olan çoxsaylı qəlpələri çıxartdıq. Çünki onlar qalsaydı paslanma verib xəstənin vəziyyətini yenidən ağırlaşdıra bilərdi . Hər bir halda xəstənin gözünü itirməsi təhlükəsi vardı, indi şükür Allaha, hər şey qaydasındadır.”

 
 
Həkim onu da qeyd etdi ki, “ Baku Medical Plaza”nın həkimləri Vətən Müharibəsi dövründə də aktiv surətdə cəbhə xəttində olub, yaralılara tibbi yardım göstərib: “Baxmayaraq ki, müharibə bitib, qələbə çalmışıq, yenə də klinikamız qazilərimizə mümkün dəstəyi göstərməkdə davam edir. Onların müayinələri və əməliyyatları tam ödənişsiz həyata keçirilir. İlkin Abdullayevin əməliyyatı da bu qəbildəndir.”
 
Qazimiz İlkin Abdullayevlə də əməliyyatla bağlı danışdıq. Bildirdi ki,hazırda görməsi ilə bağlı problem tam olaraq aradan qalxıb: ”Görməm zəifləmişdi, deyirdilər ki, tam itə də bilər. Hərbi hospitalda həkimlər əməliyyata boyun olmadılar, çünki qəlpələr çox həssas yerdə idi. İndi hər şey yaxşıdır. Yüngül formada ağrılar olur, o da keçəcək yəqin ki. Qəlpələrin yeri boşluqdur indi,görünür onun ağrılarıdır.”
 
Qazimiz bir neçə dəfə yaralanıb. Birinci dəfə ayağından güllə yarası alsa da, özü və yoldaşları tibbi yardım göstəriblər, hospitala getməyə ehtiyac olmayıb. Sonuncu dəfə isə noyabrın 6-da Qırmızı Bazar istiqamətində gedən döyüşlərdə yaxınlığına düşən minamyot mərmisinin qəlpələri gözünə dolub: “Əvvəlcə Əhmədbəylidə hospitalda, sonra da Papanində Hərbi Hospitalda əməliyyat edildim, amma problem tam həll olunmadı.Həkimlər risk etmədilər qəlpələri çıxarmağa. Çox həssas əməliyyat idi.”Baku Medical Plaza”nın rəhbərliyi və həkim Mahir Əhmədov sağ olsun, üzərlərinə götürdülər, uğurla reallaşdırdılar əməliyyatı.”
 
Qeyd edək ki, “Baku Medical Plaza”nın Mərkəz filialında çalışan oftalmoloq t. ü. f. d. Dr. Mahir Əhmədov Azərbaycan Tibb Universitetini və həqiqi hərbi xidməti bitirdikdən sonra Almaniyanın Mainz şəhərində yerləşən Qutenberq Universitetində ali təhsil almış, Mainz Universitet Klinikasında işləmiş və orada dissertasiya müdafiə etmiş ilk azərbaycanlı göz həkimidir. Həkimlə əlaqə saxlamaq üçün: 050 305 60 20.