Xəbərlər

Noyabr 13
2020
Baku Medical Plazadan açıqlama

Bəzi mətbuat orqanlarında Baku Medical Plaza ilə bağlı işgüzar nüfuzuna xələl gətirən, həmçinin ittiham edən yazılara rast gəlinir. Belə ki, bu günlərdə KİV-də Adil Rəhimli adlı şəxsin adından döyüşçü olan qardaşının 2 aylıq övladının guya klinikamızda 4 saat girov saxlandığı, ödəniş edildikdən sonra girovluqdan azad edildiyi barədə açıqlama dərc olunub. Bildiririk ki, bu məlumat kökündən yanlışdır və bizi ittiham etməklə törədilən böhtan cinayətidir. Əslində nə baş verib? Adil Rəhimlinin qardaşının övladı Rəhman Rəhimli pilorstenoz diaqnozu ilə klinikamıza daxil olub. Noyabrın 11-də əməliyyat olunaraq evə buraxılıb. Əməliyyatın xərci 4300 manat olsa da 2038 manat güzəşt edilib və A. Rəhimli cəmi 2262 manat ödəniş edib. Həmin vətəndaşın klinikamızda olduğu vaxt kamera görüntülərində əksini tapıb və uşağın evə buraxılması prosesi cəmi 29 dəqiqə çəkib, bu da standarta uyğundur. Həmçinin Adil Rəhimli bizə rəsmi müraciət etməyib, şifahi şəkildə sponsor tapdıqlarını və əməliyyat xərcini sponsorun ödəyəcəyini bildirib, əməliyyatı edəcək həkim də alcağı məbləğdən imtina edərək bildirib ki, mən də döyüşçüyə görə öz əməliyyat xərcimi halal edirəm. Lakin sonradan vətəndaş bizə məlum olmayan səbəbdən gedib həqiqətə uyğun olmayan açıqlama verməklə bizə qarşı böhtan dolu fikirlər açıqlayıb.

Bu günlərdə bütün Azərbaycan Vətən müharibəsi üçün səfərbər olunub. Hamımızın qəlbi Qarabağın azadlığı uğrunda döyüşən əsgərlərimizlə döyünüb. Baku Müdical Plaza da ilk gündən “Hər şey Vətən üçün, Hər şey Cəbhə üçün”  devizi ilə Qələbəmizin təmin olunması, cəbhəyə, şanlı Ordumuza dəstək olmaq üçün səfərbər olunub, bu amalla çalışıb. 28 sentyabrdan 67 həkim və tibbi personal maaşları saxlanılmaqla 300 min manatdan artıq tibbi ləvazimat və dərmanlarla birlikdə cəbhə bölgəsindəki xəstəxanalara ezam olunub, həmin xəstəxanalarda həkimlərimiz yüzlərlə yaralını əməliyyat edərək həyatlarını xilas edib, reanimasion şəraitdə müalicələrini aparıblar, hazırda da bu işlər davam edir, eləcə də 10-dan çox ağır yaralı əsgərimiz reanimasion şəraitdə klinikamızda müalicə olunur, bundan başqa onlarla döyüşçü və şəhid ailəsinə pulsuz tibbi yardımlar etmişik və bu iş bu gün də davam edir. Bu da bizim Vətənə olan borcumuzdur və bundan da artığını etməyə çalışırıq. Müharibənin ilk günündən klinikamız digər klinikaları da bu təşəbbüsə qoşulmaları üçün KİV-də çağırış etmişdir ( http://www.bmp.az/az/newsd/82-har-sey-vatan-ucun ).

Lakin nəzərə almaq lazımdır ki, biz həm də vergi ödəyicisiyik, işçilərimizə maaş veririk, hansı ki, onların da arasında qardaşı, həyat yoldaşı ön cəbhədə döyüşənlər var. Biz onların da ailəsinin maddi təminatı üçün cavabdehik.

Bildiririk ki, əgər həqiqətən R.Rəhimli klinikada girov saxlanmış olsaydı bu gün mətbuata müraciət edə bilən vətəndaş dərhal hüquq-mühafizə orqanlarına da  müraciət edə bilərdi. Lakin belə bir  müraciət etməyib və bu bir daha sübut edir ki, elə bir hadisə baş verməyib. Ona görə də bu açıqlama ilə KİV-i məsuliyyətli olmağa və informasiya verərkən diqqətli olmağa dəvət edirik. Bundan əlavə bildiririk ki, məsələ ilə bağlı hüquq-müafizə orqanlarına və məhkəməyə müraciət ediləcək.