Xəbərlər

Oktyabr 23
2019
Azərbaycan qadınlarında Top - 5 ginekoloji xəstəliklər

Dr. İlahə Quliyeva
Cərrah, mama-ginekoloq
Tibb üzrə fəlsəfə doktoru (mamalıq və cərrahiyyə ixtisası üzrə)


Cərrah mama-ginekoloq İlahə Quliyevanın top-5 qadın xəstəlikləri barədə müsahibəsi:
Qadın orqanizmi xüsusi diqqət tələb edir. Mütəmadi olaraq ginekoloqa müraciət olunmalıdır, müayinələrdən keçmək, analizlər verilməlidir. Əgər xəstəlik erkən mərhələlərdə aşkar olunursa, biz onu effektiv şəkildə müalicə edə bilərik, çox vaxt hətta cərrahi üsullara müraciət etmədən. Bundan əlavə yadda saxlamaq lazımdır ki, ilk baxışdan ciddi görünməyən qadın xəstəlikləri təhlükəli xəstəliklərə çevrilə bilər (məs. xərçəngə).

1. Uşaqlıq boynunun eroziyası
Ən çox rast gəlinən xəstəlikdir. Deyilənə görə eroziya adlanan xəstəlik mövcüd deyil və müalicə etməyə ehtiyac yoxdur. Bu yalnış və hətta təhlükəli yanaşmadır. Düzdür eroziyaların hamısını “yandırmağa” ehtiyac yoxdur. Lakin, biz mütləq qaydada qadını müayinə edirik. Bəzən uşaqlıq boynu tamamilə ideal görünür, lakin analizlər xərçəngönü vəziyyəti göstərir. Müalicə olunmadığı halda o 100% bədxassəli şişə çevrilir. Praktikamda bu problemi 26 yaşlı xanımda aşkar etmişdik.
Pasientlərin çoxu eroziya barədə məlumatlıdırlar, lakin ciddi qəbul etməyərək zamanında həkimə müraciət etmirlər. Hər bir qadında, xüsusi ilə eroziyası olan xanımlarda PAP test və kolposkopiya aparılmalıdır.

Eroziyanı doğuş keçirməyən qadınlarda yandırmırlar, doğrudurmu?
Əvvəllər bu doğrudan da belə idi. Çünki hər zaman diatermokoaqulyasiya sonra uşaqlıq boynunda sərt çapıq əmələ gəlirdi, hansı ki,  hamilə qalmağa mane yaradırdı. Müasir üsullarla  belə nəticələlər minimuma endirilir.
Eroziya ilə birlikdə orqanizmdə İnsan papilomavirusu da (İPV) yer ala bilər, hansı ki, uşaqlıq boynu xərçənginin yaranma riskini artırır. Göstərişlərə əsasən, biz hətta doğuş keçirməyən qadınlarda belə uşaqlıq boynu eroziyasının diatermokoaqulyasını, lazer müalicəsini tətbiq edirik . Lakin,  zamanı bu manipulyasiyaları etmək qadağandır. Bu səbəbdən də hamiləlik planlaşdırmadan öncə ginekoloji müayinədən keçmək lazımdır. 

2. Mioma
Uşaqlığın mioması bəzilərinin düşündüyü kimi təhlükəsiz xəstəlik deyil. Hər şey onun ölçüsü, yerləşdiyi nahiyyədən, qonşu orqanlarla əlaqəli olmasından və s. asılıdır. Müşahidə və ya müalicə etməyə həkim müayinənin nəticələrinə əsasən qərar verir. Bəzi miomaları menopauzayadək müşahidə edirik. Çox vaxt onlar menopauzadan sonra reqressiyaya uğrayırlar. Praktikamda belə bir hadisə olub ki, kiçik bir miomadan böyük ölçülərdə sarkoma inkişaf edib, hansı ki, bədxassəli şişlərə aid edilir. Bundan əlavə miomalar,  güclü qanaxmalara və menstrual siklin pozulmalarına səbəb olur.

3. Yumurtalıqların xoşxassəli törəmələri- kistalar 
Bəzi hallarda pasient menstruasiya öncəsi USM müayinəsinə gedir və onda kista aşkar olunur. Bu zaman biz siklin 5-7-ci günlərində təkrar müayinə təyin edirik. Əgər kista sorulursa – bu normal haldır, qadın sağlamdır. Deməli , bu funksional kista olub. Əks halda histologiyaya ehtiyac yaranır. Bu analizi etmədən kistanın təhlükəli olub olmadığını dəqiq təyin etmək mümkün deyildir. Nə USM, nə də ki, onkomarkerlər kistanın xoşxassəli şiş olduğunu təsdiq edə bilməz. Bəzi hallarda kistanın ölçüləri çox kiçik olur, o isə artıq bədxassəli şişə çevrilmişdir.

Hansı əlamətlərə əsasən qadınlar onlarda kista olduğunu anlaya bilər?
Bir çox hallarda pasientlər aybaşı zamanı, siklin ortalarında və ya cinsi əlaqə zamanı güclü ağrılardan şikayət edirlər. Bəzən qadınlar illərlə bu ağrılarla gəzirlər və ağrıkəsici dərmanlar qəbul edirlər.  Əgər kista üç aydan artıq təyin edilirsə, yəni geriyə sorulmursa, bu artıq əməliyyat üçün göstərişdir. Qeyd etməliyəm ki, kistaların aradan qaldırılması üçün Laparoskopik cərrahi üsulları tətbiq edirəm . Bu da kəsiksiz, çapıqsız, qansız və tam estetik bir üsuldur, pasinet 1 günə tam aktivləşib, əmək qabiliyyətini bərpa edir.

4. Endometrioz
Bu xəstəlik zamanı uşaqlığın selikli qişasının (endometriumun)  hüceyrələri olmamalı olduğu yerə düşürlər. Onlar yumurtalıqlarda, uşaqlıq borularında, kiçik çanaq orqanlarının divarında, bağırsaqda və digər yerlərdə ola bilərlər. Xəstəlik öncəsi ağrılı menstruasiya olur, hətta bayılma, qusma və tünd ifrazatlar da müşahidə olunur. USM bu xəstəliyi hər zaman göstərməyə bilir, bəzən kiçik çanaq orqanlarının MRT-sinə ehtiyac yarana bilir. Bəzi hallarda xanımlara illərlə diaqnozu qoymaqda çətinlik çəkirlər. Endometrioz səbəbi dəqiq bəlli olmayan xəstəlikdir, lakin hormonlarla əlaqəlidir. Keysəriyyə əməliyyatı, tez-tez cinsi partnyoru dəyişmə, abort, uşaqlıq divarının qaşınması endometriozun yaranma riskini artırır. Endometrioz bədənin hər tərəfinə yayıldığı üçün xərçənglə müqayisə edilir.

5. Çanaq dibi əzələlərinin çatışmazlığı (prolapsı)- orqan sallanması
Bu vəziyyətdə kiçik çanaq orqanlarının yerdəyişməsi baş verir. Bu həyat üçün təhlükəli deyil, lakin diskomfort və ağrı hissi yaradır. Bir çox hallarda prolaps doğuşdan sonra və menopauza zamanı əmələ gəlir. Illər keçdikcə xəstəlik daha da inkişaf edir, qadınlarda özünəinam hissi azalır, intim həyatın keyfiyyəti azalır. Çoxları bilmir ki,  bu problemin həlli vaginal yolla aparılan əməliyyatladır.
Bu xəstəliyin müalicəsinin digər üsulları da var - seçim xəstənin fərdi xüsusiyyətlərindən asılıdır.
Ginekoloqa müraciət etməyi təxirə salmayın. Yadda saxlayın ki, xəstəliyin qarşısının alınması müalicədən yaxşıdır.

 

https://ilahequliyeva.az/