Xəbərlər

Aprel 05
2019
ZOB - müalicə oluna bilən və daimi kontrol tələb edən xəstəlikdir.

-Hidayət həkim, qalxanabənzər vəz, onun vəzifəsi və  zob nədir?  Bu haqda qısa məlumat verə bilərsinizmi?        
Qalxanabənzər vəz (tiroid vəzi) boynumuzun ön hissəsində yerləşən, iki paylı, kəpənək formalı, çəkisi təxminən 20-25 qram olan kiçik bir daxili sekresiya vəzisidir. İfraz etdiyi, orqanizm üçün böyük fizioloji əhəmiyyətə malik hormonlarla orqanizmin yaşama tempi-metabolizma, böyümə, inkişaf və s. tənzim olunur. Hazırda endokrinologiyanın xüsusi bölməsi olan  “tiroidologiya”  məhz qalxanabənzər vəzin xəstəlikləri ilə məşğul olur. Qalxanabənzər  vəzin hazırladığı hormonun sekresiyası azalarsa orqanizmin iş qüvvəsi azalar, artıq sekresiya olunarsa artar. Qalxanabənzər vəzin xəstəlikləri özünü - vəz funksiyasının artması (hipertireoz), azalması(hipotireoz) və ya dəyişməməsi (eutireoz) şəklində göstərir. Qalxanabənzər vəzin iltihab və xərçəngdən başqa bir səbəblə böyüməsinə  zob (ur) deyilir..

Zob xəstəliyinin səbəbləri haqqında nə deyə bilərsiniz?      
Tiroid hormonlarının sintezində vacib kimyəvi element yoddur. Normada orta yaşlı sağlam insanların gündəlik yoda olan təlabatı 120-300 mkq-dır. Gün ərzində 100 mkq-dan az miqdarda yodun orqanizmə daxil olması, qalxanabənzər vəzin böyüməsinə (hiperplaziya), beləliklə, zob xəstəliyinin inkişafına səbəb olur. Yəni, qalxanabənzər  vəz  yod defisitinə kompensator olaraq böyümə ilə cavab verir. Yod defisitini müəyyən etməyin ən ideal yolu sutkalıq sidikdə xüsusi labaratoriyalarda sidiklə xaric  olan yodun təyin edilməsidir. Xəstəliyin profilaktikasında kalium yodid əlavə olunmuş xörək duzundan istifadə olunur. Xəstəliyin yaranmasında isə başlıca rol irsiyyət, xəstəliyə genetik yaxınlığa bağlıdır. Burada əsəb-sinir sisteminin rolu, xroniki stres reaksiyaları,immuniniteti də unutmaq olmaz.Qadınlarda xəstəlik kişilərə nisbətən 3-4 dəfə çox rast gəlinir. Zob xəstəliyinin inkişafında hamiləliyin, xüsusi təkanverici rolu vardır. Hamiləlik zamanı xəstələrimizin xüsusi kontrolu və təqibi çox vacibdir. Qadın və kişi sonsuzluğunda da  bəzən əsas səbəb olaraq, qalxanabənzər vəzin xəstəlikləri araşdırılmalıdır. Praktikada bəzən uzun zaman sonsuzluq problemi ilə əlaqədar xeyli müddət səmərəsiz  müalicə almış xəstələrdə araşdırma  zamanı “zob” sürprizi  ilə rastlaşırıq.

-Uşaqlarda zob xəstəliyi olurmu? Bu barədə bir neçə kəlmə deyə bilərsinizmi?
Təbii ki, qalxanabənzər vəzin xəstəlikləri uşaqlara da aiddir. Uşaqlarda anadangəlmə zob xəstəliyini aşkar etmək üçün yenidoğulmuşlarda topuq qanından götürülən hormon analizlərindən (TSH) istifadə edirik. Pediatrik praktikada əgər uşaqda dil böyüklüyü, səsdə kobudluq və  qalınlaşma, piylənmə, boy qısalığı, boğulma hissi, cinsi inkişafda problemlər, əqli inkişafda gerilik, ödemlər və ya bu əlamətlərdən hansı birisə varsa, mütləq qalxanabənzər vəzin xəstəliklərini araşdırmaq lazımdır. Vaxtında diaqnostika edilməyən və buna görə də düzgün müalicə edilməyən uşaqlarda sonralar boy qısalığı, ağıl kəmliyi (kretinizm) kimi ağır fəsadlarla üzləşə bilərik.      

-Xəstəliyin əlamətləri hansılardır? 
Hormonların artıq sekresiya olunduğu toksiki zoblarda: halsızlıq (əsas əlamətdir), əllərdə əsmə-tərləmə, ürək döyüntüsü, əsəbilik, aqressivlik, istiyə və soyuğa dözümsüzlük, gözlərin önə qabarması (dombalangözlük), ishal, iştahanın artmasına rəğmən çəkinin artmaması, səbəbsiz ağlamalar,aybaşı pozulmaları kimi əlamətlər olur.

Hormonların az sekresiya olunduğu vəziyyətlərdə: hərəkətlərdə  yavaşıma, saçlarda quruma, tökülmə, dəridə soyuqluq və  quruma, aybaşı pozulmaları, piylənməyə meyillik, qəbizlik, özünə qapanma, depressiya, ödemlər və s. olur.

Hormonal tarazlıq pozulmayan tiplərdə: sadəcə olaraq qalxanvari vəzidə böyümə və ya düyün (estetik cəhətdən  görünüşdə problem və s.) olur. 

-Hidayət doktor, zob xəstəliyi olduğundan şübhələndiyimiz şəxsə hansı testlər edilməlidir?
Əsasən piylənməsi olan və saxladığı dieta və etdiyi idmana rəğmən arıqlaya bilməyən, yaxud əksinə yaxşı iştahasına rəğmən kilo verən, gündən-günə arıqlayan  şəxslər, saç tökülməsindən əziyyət çəkənlər, ürəkdöyüntüsü, əllərində əsmələri, boğulma hissi olanlar, əl-ayaq, göz ətrafında  şişkinliyi  olan və səbəbindən baş açmayan pasientlərimiz, adət pozğunluğu və ya sonsuzluq problemi yaşayanlar mütləq qalxanabənzər vəzin müayinəsin aparmaq üçün  endokrinoloqa müraciət etməlidirlər. Sadəcə olaraq  xəstə ilə söhbət və dəqiq toplanmış anamnez, qandakı hormonların  miqdarını təyin etmək və qalxanvari vəzin quruluşunu, böyüməsini, düyünləri varsa  əlləmə və ulturasəs müayinəsi (USM) etmək diaqnozu qoymaq üçün kifayət edir. Bu testlərdən sonra ehtiyac olarsa, radioizotop skanerləşdirmə (sintiqrafiya) - qalxanabənzər vəzidə izotopun toplanma xüsusiyyətinə əsaslanan müayinə tətbiq edilir. Bu üsulla düyünün funksional xarakteri müəyyən edilir. Düyünlü zoblarda aspirasyon incə iynə biopsiyası və xərçəng şübhəsi varsa,yaxud boyun limfa düyünlərinin vəziyyətini öyrənmək üçün kompyüter tomoqrafiya və maqnit-rezonans tomoqrafiya üsulları da tətbiq edilir. Ehtiyac olduğu hallarda autoimmun prosesləri dəqiqləşdirmək üçün qandakı  antitellər də təyin edilməlidir.

-Hidayət həkim, müsahibə, dəyərli məsləhətləriniz üçün pasientlər və kollektivimiz adından Sizə təşəkkürümüzü bildiririk və son olaraq oxucularımıza tövsiyələriniz?
Oxucularımıza sağlamlıq arzulayıram. Heç zaman xəstələnməsinlər, xəstələrimizə uca Allahdan şəfalar diləyirəm, xəstəlik baş verən zaman ancaq özlərini işin uzmanlarına, mütəxəssislərinə etibar etsinlər.     

Baku Medical Plaza klinikasının Mərkəz filialının Endokrinologiya şöbəsinin müdiri Həkim-endokrinoloq - Dr. Hidayət Məmmədzadə
 
Ünvan: Baku Medical Plaza Mərkəz filialı (Nəsimi r-nu​, M. Rəfili və R. Behbudov küç-nin kəsişdiyi 389 saylı məhəllə)
 
Əlaqə nömrəsi: 050 397 18 18