Xəbərlər

Noyabr 02
2016
Azərbaycanda bu əməliyyat ilk dəfə "Baku Medical Plaza"da edildi – FOTOLAR

 Cərrah oftalmoloq Dr. Rüxsarə Qurbanova qeyd edib ki, uşaq doğulduqdan sonra damarların inkişafında müəyyən problemlər yaranır: "Yarımçıq doğulan uşaqlarda damarlar tam inkişaf etmədiyi üçün ana bətnindən kənarda onların inkişafını izləyirik ki, yarana biləcək problemi vaxtında görüb müdaxilə etmək mümkün olsun. Damarların inkişafında 3 zona var. Bu zonalardakı inkişaf sona qədər davam edib bitməlidir. Əgər bu inkişaf normal şəkildə özü tamamlanarsa, heç bir müdaxilə etmirik. Ola bilir ki, damarların inkişafı 1-ci, 2-ci, 3-cü zonada dayanır. Damarlar yığılır və torlu qışanı qoparmağa yönəlik ciddi problemlər yaradır. Belə olduğu halda biz müdaxilə etməli oluruq. Bu müdaxilə ya intravitreal inyeksiya (iynə), ya da lazer şəklində ola bilər. Bunu xəstənin durumuna görə qərarlaşdırırıq. Birinci və ikinci inkişaf mərhələsində damarlar fizioloji olaraq bərpa oluna bilir. Amma üçüncü mərhələdə pisləşmə müşahidə olunursa, burada müdaxilə mütləqdir. Müdaxilə etdiyimiz zaman problemin qarşısı alınır. İnyeksiya vasitəsi ilə problem aradan qalxmırsa, lazer müdaxiləsinə ehtiyac yaranır. 4a mərhələsində artıq cərrahi əməliyyat vacibdir. Ancaq bu zaman uşaqda görmə faizi çox aşağı ola bilər. 4b mərhələsində görmə mərkəzi tamamilə qopmuş olur. Həmin uşaqlar ya əməliyyata alınmır, ya da əməliyyat olunsa belə onun görməsi sual altında qalır. Onlar sadəcə işığı və ya əl hərəkətlərini hiss edə bilirlər. Gecikmiş halda nəticənin yüksək olacağını gözləmirik. 5-ci mərhələdə heç bir əməliyyat tətbiq olunmur. Xəstə taleyi ilə barışmaq məcburiyyətində qalır”. 

Müsahibimiz vurğuladı ki, bu problemlə üzləşən çoxlu uşaqlar var: "İki ildir "Baku Medical Plaza”da bu müayinələr və müalicələr tətbiq olunur. Bizdə 6-7 uşaqda bu problem yaranıb. Hazırda biz bu uşaqların vəziyyətinə nəzarət edirik. Bu zamana qədər bizim klinikada erkən doğulan uşaqlarda belə problem olmayıb. Azərbaycanda ilk dəfə olaraq bu əməliyyat "Baku Medical Plaza”da olunub”.

Erkən doğulan, görmə problemi olan və zamanında müdaxilə edilən uşaqlarda gələcəkdə hər hansı bir problemin yarana biləcəyinə gəlincə, R.Qurbanova deyib: "Belə hallarda uşaqlarda çox az müşahidə olunan çəplik və ya kiçik problem ola bilər ki, bu da gələcəkdə rahat şəkildə aradan qaldırılır. Hətta, erkən doğulan, cərrahi müdaxilə edilməyən uşaqlarda da belə problemlər yarana bilir. Bu müdaxilə uşağın görməyini itirməməsi üçündür. Əvvəl bu cür problemli uşaqların valideyinləri onu xaricə aparmağa məcbur olurdular. Hazırda onları hansısa ölkəyə göndərmirik. Uşaq küvezində olduğu halda əməkdaşlıq etdiyimiz həkimlə birgə bu əməliyyatı "Baku Medical Plaza”da edirik. Yaxın günlərdə erkən doğulan körpə üzərində bu əməliyyatı aparmışıq. Hazırda vəziyyətini nəzarətdə saxlayırıq. Nəticəsi yaxşıdır”.

Belə problemlə doğulan uşaqların statistikasında artım varmı? sualına oftalmoloq həkim belə cavab verib: "Erkən doğulan uşaqların sayında əvvəlki illərə nisbətən artım var. Çünki tibb, neontologiya inkişaf edib. Bizim klinikamızda ən yüksək səviyyəli nonatoloji xidmət görtərilir. Bütün yarımçıq doğulmuş uşaqlar vəziyyətdən çıxarılır və ailələrinə təhvil verilir. Biz həmin uşaqlarda yarana biləcək ciddi problemləri burada, xəstəxanada olarkən aradan qaldırmağa. Belə uşaqların həyatda qalması, yaşaması üçün tibbin ən son texnologiyalarını klinikamıza gətirmişik və peşəkar həkimlərimiz tərəfindən bütün tibbi xidmətlər göstərilir. Tibbi statistikaya nəzər saldıqda şahidi oluruq ki, hər 10 uşaqdan biri vatından əvvəl doğulur. İnsanlar bilməlidirlər ki, belə uşaqların yaşaması, sağlamlığı üçün bütün imkanlar var. Hazırda erkən doğulan uşaqları saxlayırlar. Əvvəl o uşaqlar ölürdülər. Statistik olaraq, ən çox erkən doğulanları bizim klinikamız qəbul edir. Yarımçıq doğulan uşaqların qalma faizi indi daha yüksəkdir. Belə olduğu halda da müəyyən problemləri yaranır. Əvvəl süni mayalnma yox idi. Süni mayalanmada erkən doğuşlar çox olur”.

"Baku Medical Plaza”da əməliyyat olunan körpənin anası Nərgiz Qasımova da təəssüratlarını bölüşüb: "Rüxsarə xanıma çox təşəkkür edirəm. Mənim balama öz övladı kimi yanaşdı.”

N. Qasımova uşağı erkən doğulan analara bəyan edib ki, övladlarının sağlamlığını "Baku Medical Plaza”ya etibar edə bilərlər:”Azərbaycanda uşağımın problemi ilə bağlı çox klinikalara getdim. Hamısı deyirdi ki, bu əməliyyatı edirik. Ancaq nəticə yox idi. "Baku Medical Plaza”da məsuliyyəti üzərlərinə götürüb əməliyyatı etdilər. Şükür olsun ki, övladımın vəziyyəti yaxşıdır. Belə həkimlər olduğu sürəcdə Azərbaycanda erkən doğulan, dünya işığına həsrət qalan körpələr olmayacaq”.