Xəbərlər

Senytabr 26
2016
"Yenidoğulmuş uşağın sünnət edilməsi nə dərəcədə düzgündür?"
Baku Medical Plaza Babək filialının Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası uzmanı Op. Dr. Agil Abilovun müsahibəsini sizlərə təqdim edirik:
 
- Klinikamızın Babək filialının Uşaq Cərrahiyyəsi və Urologiyası şöbəsində daha əvvəl ölkəmizdə tətbiq edilməmiş yenidoğulmuş sünnət metodu istifadə edilir, mümkünsə bu haqda oxucularımıza məlumat verərdiniz...
 
- Yeni doğulan körpənin sünnəti üçün müxtəlif üsullar olmasına baxmayaraq son zamanlarda dünyanın inkişaf etmiş ölkərində, tikişsiz edilən plastibell sünnətinə üstünlük verilir. Bu yöntəmdə yenə kəsim dərinin uc hissəsində aparılır. Plastibell deyilən halqa (üzük) şəklindəki alət cinsiyyət orqanının başına yerləşdirilir və dəri plastibelin üzərinə doğru çəkilir. Allergik reaksiya verməyən xüsusi ip plastibell üzərindəki şırım üzərində dərinin ətrafına sarınır. İpdən sonrakı artıq dəri kəsilir. Bundan sonra penis ucu açıq olur. Üzük şəklindəki plastibell isə eyni göbək bağının düşməsi kimi quruyaraq 10-15 gün sonra düşür .
 
- Yenidoğulmuş uşağın sünnət edilməsi nə qədər düzgündür?
- Sünnətin nə zaman edilməsi ilə bağlı olaraq, əlavə problemi olmayan və uşağın cinsi orqanı uyğun olan uşaqlarda yeni doğulan uşağın sünnət edilməsi ilk seçim olmalıdır. Ancaq məsələ burasındadır ki, "qıya bilmirəm”, "hələ çox balacadır”, "bu yaşda sünnət edərlər heç” kimi fikirlər yeni doğulmuş uşaqların sünnət olunmasını yayındırır. Lakin yeni doğulmuş uşağın sünnət edilməsinin özünəməxsus bir çox üstünlükləri var. Bir çox ailələr uşağın özünün də sünnət toyunu görə bilməsi üçün bir az böyüdükdən sonra edilməsinin daha uyğun olacağını düşünürlər. Halbuki, sünnət toyunu azyaşlı uşağın sünnəti edildikdən sonra qarşıdan gələn illərdə, yəni bir az böyüyəndə etmək də olar və sırf sünnət toyunda iştirak etsin deyə uşaq böyüdükdən sonra sünnət etdirilməsi, ona psixoloji travma verilməsi və uşağın dözməli olduğu çətinlikləri daha da artırmağa dəyərmi ?
 
- Yenidoğulmuş sünnətinin üstünlükləri nələrdir? 
- Sidik yolu infeksiyası riskini azaltması; 
Yaranın sağalmasının çox sürətli olması; 
Cinsiyyət orqanında şişmənin çox az olması; 
Qulluğun çox asan olması; 
Halqa sayəsində sünnət sonrası yapışıqlıqların olmaması; 
Qanaxma ehtimalının demək olar ki olmaması; 
Uşağa psixoloji təsir etməməsi; 
Körpəyə xas olan əmmə zamanı sakitləşməsi; 
Adətən sonrasında ağrıkəsiciyə ehtiyac olmaması;
 
Yeni anadan olmuş körpənin sünnət edilməsi üçün ən vacib şərt onun əlavə bir probleminin olmaması və cinsi orqanın bu əməliyyata uyğun olmasıdır. Yəni əgər xəstənin bilinən əlavə xəstəliyi yoxdursa, hər iki yumurtalığı yerindədirsə və cinsi orqan quruluşu münasibdirsə yeni doğulan körpə sünnət edilə bilər.
 
 
- Yenidoğulmuş sünnəti üçün zaman aralığı nədir?
- Yeni doğulan körpənin sünnət edilməsi üçün zaman olaraq ilk 24 saatdan sonrakı dövr seçilir. Beləliklə, doğuşdan sonra körpənin sünnət edilmiş olaraq xəstəxanadan çıxması baş verir. Bunun ən böyük üstünlüyü uşağın hələ ətrafında nələrin baş verməsinin fərqində olmadan əməliyyat edilməsidir. Böyüdükdən sonra sünnət əsnasında lokal olaraq anesteziya edilməsinə baxmayaraq, uşağın öz ayaqlarının tutulmasına reaksiya verməsi və narahatlıq keçirməsi müşahidə edilir. Bu səbəbdən sünnət əməliyyatını 28-ci günədək etmək məsləhət görülür. -
 
- Yenidoğulmuş sünnətində yerli yoxsa ümumi anesteziya verilir?
- Yerli anesteziya yenidoğulmuş dövrdə yetərli olmaqdadır. Yeni doğulan körpənin sünnət edilməsinə qərar verildikdən sonra əməliyyatdan 1 saat əvvəl cinsiyyət orqanı ətrafına yerli keyləşdirici təsiri olan krem çəkilir. Eyni zamanda laxtalanma pozğunluğunu test etmək üçün kiçik miqdarda qan alınır. Sonra əməliyyat otağında cinsiyyət orqanı ətrafına yenə yerli keyidici təsirə malik iynə vurulur. 10-15 dəqiqə gözlənildəkdən sonra sünnət əməliyyatına başlanılır.
 
- Bu üsulda ailələr nələrə diqqət etməlidir, ağrı ya da başqa problem ola bilərmi?
- Plastibell sünnətindən sonra eynilə göbəkdə qoyulan plastik kimi cinsiyyət orqanında da plastik halqa olur və göbəkdə olduğu kimi quruduqdan sonra özü düşür. Sünnətdən sonra çimizdirilməsində əks göstəriş yoxdur. Daha sonrakı dövrdə ediləcək tək şey isə bezə yapışmaması üçün cinsi orqanının ucuna krem çəkilməsidir. Halqanın düşmə müddəti 5 gün ilə 20 gün arasında dəyişir. Adətən 10-15 gün çəkir. Ancaq bu müddətdə ailələrin gözlədiyi kimi hər hansı bir narahatlıq baş vermir. Adətən sünnətdən sonra ağrıkəsici lazım deyil, nadir hallarda 20 gündən böyük körpələrdə 1-2 dəfə olmaqla ağrıkəsici ehtiyacı ola bilər. Bundan başqa, plastibell sünnəti üçün bütün əməliyyatlarda olduğu kimi təcrübə çox önəmlidir. Halqanın ölçüsü düzgün seçilmədiyində, düzgün yerləşdirilmədiyində, düzgün bağlanmadığında bir çox problem ortaya çıxa bilər. Son 2 il ərzində 1000-dən çox plastibell sünnəti elədik və çox şükür ki, problem ortaya çıxan 1 xəstəmiz belə olmadı. Biz "hər körpə bizim gələcəyimizdir” prinsipi ilə hər körpəyə öz övladımız gözü ilə baxaraq davranırıq. Ümid edirəm ki, bizim ölkədə uşaq cərrahiyyəsi göstəriciləri baxımından ən inkişaf etmiş ölkələrdən geri qalmayacaqdır.