Xəbərlər

Avqust 10
2022
Qalxanabənzər vəzin xəstəlikləri müalicə oluna bilən və daimi kontrol tələb edən patologiyalardır.

Müsahibə:

- Qalxanabənzər vəz, onun vəzifəsi və  zob nədir?  Bu haqda qısa məlumat verə bilərsinizmi?

Qalxanabənzər vəz (tiroid vəzi) boynumuzun ön hissəsində yerləşən, iki paylı, kəpənək formalı, çəkisi təxminən 20-25 qram olan daxili sekresiya vəzisidir. İfraz etdiyi, orqanizm üçün böyük fizioloji əhəmiyyətə malik hormonlarla orqanizmin yaşama tempi--metabolizma, böyümə, inkişaf və s. tənzim olunur. Hazırda endokrinologiyanın xüsusi bölməsi olan  “tiroidologiya”  məhz qalxanabənzər vəzin xəstəlikləri ilə məşğul olur. Qalxanabənzər  vəzin hazırladığı hormonun sekresiyası azalarsa orqanizmin iş qüvvəsi azalar, artıq sekresiya olunarsa artar. Qalxanabənzər vəzin xəstəlikləri özünü - vəz funksiyasının artması (hipertireoz), azalması (hipotireoz) və ya dəyişməməsi (eutireoz) şəklinda göstərir. Qalxanabənzər vəzin iltihab və xərçəngdən (kanser) başqa bir səbəblə böyüməsinə  zob (ur) deyilir. Elmi cəhətdən zob, əslində müstəqil xəstəlik olmayıb, qalxanabənzər vəzin xəstəliklərində böyüməni ifadə edən bir əlamət, bir simptomdur. Qalxanabənzər vəzin hər xəstəliyində zob olmur və ya zob deyilməz, belə ki, bunların hər birinin  elmi-tibbi izahı və  adı vardır. Lakin zob - xalq arasında qalxanabənzər vəzin bütün xəstəliklərinə verilən ümumi ad olaraq istifadə edilir. Qeyd etdiyim kimi, tibbi cəhətdən zob dedikdə qalxanvarı vəzin böyüməsi olmalıdır.
Dünya əhalisinin statistikaya görə 10-30 %-i bu xəstəlikdən əziyyət çəkir.

Zob xəstəliyinin səbəbləri haqqında nə deyə bilərsiniz?

Endemik olaraq torpaqda, suda və qida məhsullarında  yod defisiti olan ərazilərdə yaşayan insanlar, autoimmun problemi olan və müəyyən dərman preparatları (interferon, litium, kardaron və s.) qəbul edən xəstələr tiroid patologiyası üçün risk qrupuna daxildir. Zobun əmələ gəlməsində əsas patogenetik rol orqanın hazırladığı hormonların sintezi, sekresiyası, metabolizmasında  olan genetik defektlərə aiddir. Tiroid hormonlarının sintezində vacib kimyəvi element yoddur. Normada orta yaşlı sağlam insanların gündəlik yoda olan təlabatı 120-300 mkq-dır. Gün ərzində 100 mkq-dan az miqdarda yodun orqanizmə daxil olması, qalxanabənzər vəzin böyüməsinə (hiperplaziya), beləliklə, zob xəstəliyinin inkişafına səbəb olur. Yəni, qalxanabənzər  vəz  yod defisitinə kompensator olaraq böyümə ilə cavab verir. Yod defisitini müəyyən etməyin ən ideal yolu sutkalıq sidikdə xüsusi labaratoriyalarda sidiklə xaric  olan yodun təyin edilməsidir. Xəstəliyin profilaktikasında kalium yodid əlavə olunmuş xörək duzundan istifadə olunur. Xəstəliyin yaranmasında isə başlıca rol irsiyyət, xəstəliyə genetik yaxınlığa bağlıdır. Burada əsəb-sinir sisteminin rolu, xroniki stress reaksiyaları,immuniniteti də unutmaq olmaz. Qadınlarda xəstəlik kişilərə nisbətən 3-4 dəfə çox rast gəlinir. Zob xəstəliyinin inkişafında hamiləliyin, xüsusi təkanverici rolu vardır. Hamiləlik zamanı xəstələrimizin xüsusi kontrolu və təqibi çox vacibdir. Qadın və kişi sonsuzluğunda da  bəzən əsas səbəb olaraq, qalxanabənzər vəzin xəstəlikləri araşdırılmalıdır. Praktikada bəzən uzun zaman sonsuzluq problemi ilə əlaqədar xeyli müddət səmərəsiz  müalicə almış xəstələrdə araşdırma  zamanı “zob” sürprizi  ilə rastlaşırıq.

- Uşaqlarda zob xəstəliyi olurmu? Bu barədə bir neçə kəlmə deyə bilərsinizmi?

Təbii ki, qalxanabənzər vəzin xəstəlikləri uşaqlara da aiddir. Uşaqlarda anadangəlmə zob xəstəliyini aşkar etmək üçün yenidoğulmuşlarda topuq qanından götürülən hormon analizlərindən (TSH) istifadə edirik. Pediatrik praktikada əgər uşaqda dil böyüklüyü, səsdə kobudluq və  qalınlaşma, piylənmə,boy qısalığı, boğulma hissi, cinsi inkişafda problemlər, əqli inkişafda gerilik, ödemlər və ya bu əlamətlərdən hansı birisə varsa, mütləq qalxanabənzər vəzin xəstəliklərini araşdırmaq lazımdır. Vaxtında diaqnostika edilməyən və buna görə də düzgün müalicə edilməyən uşaqlarda sonralar boy qısalığı, ağıl kəmliyi (kretinizm) kimi ağır fəsadlarla üzləşə bilərik.

- Xəstəliyin əlamətləri hansılardır?

Yuxarıda saydığımız xəstəlik növlərinə görə xəstələrin şikayətləri də dəyişir:                                                          
Hormonların artıq sekresiya olunduğu toksiki zoblarda: halsızlıq (əsas əlamətdir), sonra əllərdə əsmə-tərləmə, ürək döyüntüsü, əsəbilik, aqressivlik, istiyə və soyuğa dözümsüzlük, gözlərin önə qabarması (dombalangözlük), ishal, iştahanın artmasına rəğmən çəkinin artmaması, səbəbsiz ağlamalar, aybaşı pozulmaları kimi əlamətlər olur.

Hormonların az sekresiya olunduğu vəziyyətlərdə: hərəkətlərdə  yavaşıma, saçlarda quruma, tökülmə, dəridə soyuqluq və quruma, aybaşı pozulmaları, piylənməyə meyillik, qəbizlik, özünə qapanma, depressiya, ödemlər və s. olur.

Hormonal tarazlıq pozulmayan tiplərdə: sadəcə olaraq qalxanvari vəzidə böyümə və ya düyün (estetik cəhətdən  görünüşdə problem və s.) olur.

- Zob xəstəliyi olduğundan şübhələndiyimiz şəxsə hansı testlər edilməlidir?

Əsasən piylənməsi olan və saxladığı dieta və etdiyi idmana rəğmən arıqlaya bilməyən,yaxud əksinə yaxşı iştahasına rəğmən kilo verən, gündən-günə arıqlayan  şəxslər, saç tökülməsindən əziyyət çəkənlər, ürəkdöyüntüsü, əllərində əsmələri, boğulma hissi olanlar, əl-ayaq, göz ətrafında  şişkinliyi  olan və səbəbindən baş açmayan pasientlərimiz, adət pozğunluğu və ya sonsuzluq problemi yaşayanlar mütləq qalxanabənzər vəzin müayinəsin aparmaq üçün endokrinoloqa müraciət etməlidirlər. Sadəcə olaraq  xəstə ilə söhbət və dəqiq toplanmış anamnez, qandakı hormonların  miqdarını təyin etmək və qalxanvari vəzin quruluşunu, böyüməsini, düyünləri varsa  əlləmə və ulturasəs müayinəsi etmək diaqnozu qoymaq üçün kifayət edir. Bu testlərdən sonra ehtiyac olarsa, radioizotop skanerləşdirmə (sintiqrafiya) – qalxanabənzər vəzidə izotopun toplanma xüsusiyyətinə əsaslanan müayinə tətbiq edilir. Bu üsulla düyünün funksional xarakteri müəyyən edilir. Düyünlü zoblarda aspirasyon incə iynə biopsiyası və xərçəng şübhəsi varsa, yaxud boyun limfa düyünlərinin vəziyyətini öyrənmək üçün kompyüter tomoqrafiya və maqnit-rezonans tomoqrafiya üsulları da tətbiq edilir. Ehtiyac olduğu hallarda autoimmun prosesləri dəqiqləşdirmək üçün qandakı  antitellər də təyin edilməlidir.

- Zob xəstəlikləri diaqnozu qoyduqdan sonra necə müalicə edilir?

Üç müalicə üsulu mövcuddur.

1. Dərman müalicəsi - Qalxanabənzər vəzin çatmayan hormonunu yerinəqoyucu, əvəzedici hormonal terapiya yaxud əksinə hormon artıqlığı olduğu durumlarda antitiroid  dərman müalicəsi.

2. Radioaktiv yod müalicəsi.

3.Cərrahi müalicə.

Bunlardan başqa, əminlikə qeyd edə bilərəm ki, digər təqdim olunan, reklam olunan hansısa türkəçarə, fitoterapiya,qida əlavələri və  ya digər müalicə üsullarının müasir qalxanabənzər vəzin xəstəliklərinin müalicəsində və fundamental təbabətdə yeri yoxdur.
Qalxanabənzər vəzin xəstəliklərindən əziyyət çəkən xəstələr, verdiyi şikayətlərə rəğmən bir çox ixtisas sahibi həkimlərin – daxili xəstəliklərlə məşğul olan mütəxəssislərin, ginekoloqların, nevropatoloqların, kardioloqların, dermatoloqların, hətta psixiatrların  və s. qəbulunda ola bilərlər. Amma bu xəstəliklərin müalicəsi daha çox endokrinoloq, göstəriş olduqda isə cərrah  və nuklear tibb mütəxəsislərinin  işidir. Çünki bir çox hallarda ağırlaşmalarla qəbula gələn,vaxtında düzgün müayinə və müalicə planı seçilməmiş xəstələrlə kontakda olur, sonralar onları  bu vəziyyətdən çıxarmaq üçün xeyli zaman sərf etməli oluruq. Qalxanvarı vəzin xəstəliklərindən müalicə olunan xəstələr, təyin olunacaq dərmanlara fasilə verməməli, vaxtında kontrollara gəlməli, müalicədə özfəaliyyətlə məşğul olmamalı, daimi həkim nəzarətində olmalıdırlar. Müalicə prosesi isə modern təbabətdə qəbul olunmuş xüsusi rəhbərliyə - Guidline və konsepsiyalara mütləq şəkildə  əsaslanmalıdır.

Müalicədə üç vəziyyət ön plandadır:
1. Hormon çatışmazlığı olan zob xəstələrinə bu hormon dərman şəklində verilir. Bəlli aralıqlarla xəstə kontrollara gəlir, qan analizləri verir və adekvat, xəstəyə uyğun doza seçilir və əksər hallarda  dərman qəbulu ömürlük  verilməli və bunun mahiyyəti xəstələrə  izah edilməlidir.
2. Hormon artıqlığı olan xəstələrə hormon sekresiyasının qarşısını ala biləcək dərmanlar verilir. Müalicəyə tabe olmayan hallarda,hormon səviyyəsi normala düşdükdən sonra  əməliyyat və ya radioaktiv yod ilə müalicə edilir. Radioaktiv yod müalicəsi müasir təbabətdə toksiki zoblarda və qalxanbənzər vəzin xərçəngində əməliyyatdan sonra edilən çox gözəl və uğurlu nəticələrə müvəffəq olmağa səbəb olan müalicə üsuludur.
3. Hormonal dəyisiklik olmazsa, amma qalxanvari vəzdə  böyük düyünlər  olduğu vəziyyətlərdə, və ya xərçəng şübhəsi varsa,yaxud konservativ müalicəyə tabe olmayan, radioaktiv yod müalicəsinə əks göstəriş olduğu hipertireoz hallarında   cərrahi əməliyyat qaçılmazdır.

- Hər zob xəstəsinə əməliyyat lazımdırmı?

Xeyr, hər zob xəstəsinə cərrahi əməliyyat lazım olmur. Qalxanabənzər vəzin tamamilə böyüdüyü və içərisində düyünlərin olduğu vəziyyətlərdə  cərrahi əməliyyat  bir müalicə üsuludur. Zob xəstəliyində əməliyyata göstərişlərdən aşağıdakıları qeyd edə bilərəm:

1. Boyunda böyümüş zobun əmələ gətirdiyi estetik problem.
2. Böyümüş zobun ya da düyünlərin yemək borusunu və tənəffüs yolunu sıxması nəticəsində yaranan şikayətlərin olması.
3. Bir il ərzində aparılan TSH-supressiv müalicəyə baxmayaraq,böyüməkdə davam edən nodulyar zoblarda.
4. Qalxanabənzər vəzdə  xərçəng (kanser) aşkar edilməsi və ya şübhəsi olduğu hallarda.
5. Ölçüsü 3 sm və daha böyük olan nodulyar və ya multinodulyar zoblarda.
6. Altı ay ərzində aparılan düzgün antitiriod müalicənın effekt vermədiyi, yaxud dərmanların əlavə təsirlərinin qabarıq təzahürləri olduğu, radioaktiv yod müalicəsinə əks-göstəriş olduğu diffuz və ya nodulyar toksiki zoblarda.
7. Residiv toksiki zob və toksiki adenomlarda.

Hər bir strumektomiya və ya planlanacaq əməliyyata gedən xəstə  mütləq əməliyyatdan öncə,eləcə də əməliyyatdan sonra requlyar endokrinoloq kontrolunda olmalıdır.

- Zob xəstəliyində xərçəng  riski vardırmı?

“Zob qalxanvari vəzinin xərçəng xarici böyüməsidir” deyə qeyd etmişdik. Amma bu böyümələrin kanser olub-olmadığı ancaq bəzi araşdırmalardan (biopsiya materialının sitoloji təhlili) və hətta bəzən əməliyyatdan sonra məlum olur. Ümumiyyətlə bütün zoblu xəstələrin  5 %-ində xərçəng olmaq ehtimalı vardır.

- Əməliyyat və ya dərman müalicəsindən sonra zob təkrarlana bilərmi?

Bəli, əməliyyat olunduqdan sonra zob təkrar ola bilər. Bu təbii ki, tam çıxarılmamış qalıq toxumadan  illər ərzində və ya çox sayda düyünü olan zob xəstəliyində əməliyyat zamanı tiroid toxumasında düyün qalıbsa, zamanla bu düyünlər böyüyərək zobun təkrar olmasına səbəb ola bilərlər. Bu səbəbdən əməliyyatı, xəstəyə və xəstəliyə uyğun planlamaq və təcrübəli əllərdə edilməlidir.

- Əməliyyatdan sonra xəstələrin kontrolları olmalıdırmı?

Bütün əməliyyat keçirmiş  xəstələr  mütləq bəlli zamanlarda kontrol edilməlidir ki, həm xəstəliyin təkrarından qorunsunlar, həm də ola biləcək istənilməyən vəziyyətlər əvvəlcədən müəyyən  edilə bilsin. Xəstəliyin növünə görə əməliyyatdan sonra heç bir dərman istifadə etmədən ömür boyu dərmansız yaşaya biləcəyi kimi,ömrünün geri qalanında da dərman istifadə etmək məcburiyyətində olan xəstələrimiz  vardır. Ancaq bəzən əməliyyat keçirmiş və heç vaxt kontrola gəlməmiş, lakin ağırlaşma ilə  gələn xəstələrlə də tez-tez qarşılaşırıq.

"Son olaraq oxucularımıza sağlamlıq arzulayıram. Heç zaman xəstələnməsinlər, xəstələrimizə uca Allahdan şəfalar diləyirəm, xəstəlik baş verən zaman ancaq özlərini işin uzmanlarına,mütəxəssislərinə etibar etsinlər." - Dr.Hidayət Məmmədzadə / Endokrinoloq