Xəbərlər

Aprel 21
2016
Cərrah mama-ginekoloq T.e.f.Dr. Samirə Tağıyeva

Hamiləlik və Hepatit C və ya B: müasir yanaşma

Hər ana istəyir ki, onun övladı sağlam olsun. Buna görə də, qadınlar, hamiləlik və doğuş zamanı hər hansı bir xəstəliyin uşağa keçirilməsi riskinin qarşısını almaq üçün uşağa qalmadan öncə müxtəlif müayinələrdən keçməlidirlər.Qadınlarda narahatlıq doğuran təhlükəli xəstəliklərdən bəziləri – Virus hepatiti B və C-dir. Profilaktikanın effektivliyinə baxmayaraq virus hepatiti B və C xəstəlikləri bütün dünyada səhiyyə problemi olaraq qalır. Bu, daima artan xəstələnmə göstəriciləri və xəstəliyin pis nəticə ilə bitməsi – xroniki persistəedici və aktiv hepatit, qaraciyər sirrozu və hepatosellularkarsinoma hallarının tez-tez rast gəlməsi ilə əlaqədardır. Hamiləlik və virus hepatitləri – arzuolunmayan hal birləşməsidir, çünki bu zaman dölün yoluxma ehtimalı çox yüksək olur.

Hepatit B və C yoluxma mənbələri – xəstə insanlar və virus daşıyıcılarıdır. Virus bir çox bioloji mayelərdə tapılır: qan, sperma, vaginal ifrazat və s. Yoluxmanın əsas yolları:

  • Parenteral ( inyeksiyalar, qan köçürməsi, kosmetoloji və stomatoloji prosedurlar);
  • Hamiləlik zamanı ciftlə və ya doğuş yollarından keçərkən ( yəni anadan uşağa antenatal, intranatal və postnatal olaraq yoluxur).
  • Əlaqə-məişət yolu ilə keçməsi də mümkündür, məs., insanlar üzərinə virusla yoluxmuş qan olan ülgücdən müştərək istifadə etdikdə
  • Cinsi yol

B və C hepatitləri əlamətsiz keçə bilərlər, buna görə də hamilələrin əksəriyyəti, özlərinin yoluxmuş olduqlarından xəbərsiz olurlar. İnkubasiya dövrü 6 həftədən 6 aya qədər çəkir, bundan sonra kəskin virus hepatiti inkişaf edirsə də, çox hallarda infeksiya əlamətsiz olaraq keçir. Kəskin hepatitin 90%-dən çox halları xroniki prosesə keçir. Hepatitin xroniki forması yoluxmadan  6 aydan sonra inkişaf edir və kəskinləşmə və remissiya dövrləri ilə xarakterizə olunur (əlamətsiz gediş). Hepatitin xroniki formasında uzun müddət ərzində praktiki olaraq əlamətsiz gediş qeyd edilir, qaraciyərin əhəmiyyətli zədələnməsi xəstəliyin yalnız son mərhələlərində qeydə alınır. Orqanizmin virusdan azad edilməsi ilə sağalma tam olaraq baş verir, ancaq, öz inkişafının intensivliyi ilə xəstəliyin proqnozunu müəyyən edən fibroz qala bilər. Sirrozun və qara ciyər xərçənginin inkişafı tezliyi  azalsa da, fibrozun inkişafı riski qalır. Hepatitli xəstələrin 25 %-də ciddi dəyişikliklər baş verir və bu hallar aşağıdakı əlamətlərlə özünü göstərir:

  • Ümumi zəiflik, hərarətin yüksəlməsi, iştahanın azalması
  • Ürəkbulanma, qusma
  • Qarında və oynaqlarda ağrılar
  • Sarılıq
  • Sidiyin rənginin tündləşməsi, nəcisin rənginin açıq olması
  • Qaraciyərin böyüməsi

Bununla əlaqədar olaraq, hamiləlik zamanı qaraciyər disfunksiyası, xolestaz inkişaf edə bilər. Xarici ədəbiyyata əsasən, virus yükünün yüksək olması (100000 k/ml) ilə qaraciyər disfunksiyasının yaranması arasında korrelyasiya qeyd edilir.

Hepatit B və C-nin diaqnostikası üçün bütün hamilə qadınların venasından qan götürülür.  Qanda ya antigenlərin, ya da hepatit virusuna qarşı anticisimlərin mövcud olmasını təyin edirlər.  Əgər hepatitə olan analizin nəticəsi müsbət olubsa, onda diaqnozun təsdiq olunmasi üçün polimeraz-zəncirvari reaksiya üsulu ilə yeni analiz təyin olunur. Əgər onun da cavabı müsbət olarsa, onda həkim-hepatoloq hamilə qadının qaraciyərinin vəziyyətini qiymətələdirməlidir. Hepatoloq dəstəkləyici müalicə təyin edir. Hamilənin həyat yoldaşı da hepatitə garşi analiz verməlidir. B və C hepatit virusu olan hamilələrin müalicəsinin taktikasını təyin etmək üçün ultrasəs müayinəsi, virusoloji araşdırmalar (polimeraz zəncirvarı reaksiya üsulu), qanın biokimyəvi analizi, kliniki şəklin və anamnezin öyrənilməsi həyata keçirilməlidir.

Əksər hallarda hamiləlik xəstəliyin gedişinə mənfi təsir etmir və ağırlaşma riski minimaldır. Digər tibbi məlumata görə, hamiləlik hepatitin kəskinləşməsinin səbəbi də ola bilər. Əgər kəskinləşmə baş vermirsə, bir qayda olaraq xəstəliyin özü ananın və uşağın vəziyyətinə mənfi təsir göstərmir. Lakin bəzi uzadılmış gedişlərdə (3-5 ildən çox) qadınlarda hamiləliyin sonadək saxlanılmaması halları çoxalır.

Hamiləliyin nəticəsi virus hepatiti xəstəliyinin gedişi mərhələsindən asılıdır. Belə ki, hepatit kəskin gedişli olduqda hamiləlik spontan olaraq pozula bilər. Xəstəliyin kəskin dövründə ümümi intoksikasiya ilə əlaqədar uşaqsalma halları və ya vaxtından əvvəl doğuş baş verə bilər. Hamiləliyin pozulması ümumi vəziyyətin pisləşməsinə gətirir, ona görə də hamiləliyin süni olaraq pozulması kəskin dövrdə əks-göstərişdir. Hamilələrdə xroniki virus hepatiti aşağı aktivliklə və nadir hallarda kəskinləşmələrlə keçir. Hepatit B və C-nin gedişini ağırlaşdıran qaraciyər sirrozu, əksər hallarda, yumurtalıqların funksiyasının pozulması ilə əlaqədar olaraq hamiləliyin yaranmasına əngəl törədir, hamiləlik baş verdikdə isə müxtəlif ağırlaşmaların əmələ gəlməsi riski çox yüksək olur. Bu – həm toksikoz, həm qida borusunun varikoz vena genişlənmələrindən qan axması, həm də qaraciyərin funksional pozğunluğu ilə müşayiət olunan sirrozun dekompensasiyası ola bilər. Belə hallarda hamiləliyin erkən vaxtlarda pozulması məsləhət görülür. 2-10% hallarda transplasentar yoluxma mümkündür ki, bu da xüsusi ilə fetoplasentar kompleksin müxtəlif zədələnmələri zamanı (fetoplasentar çatışmazlıq, ciftin soyulması) və yoluxmuş ana südü vasitəsilə baş verir. Postnatal dövrdə uşağın anadan-məişət-əlaqə yolu vasitəsi ilə yoluxması baş verə bilər. Yenidoğulmuşlarda xəstəliyin ağırlığı ananın qan dövranında seroloji markyorların mövcudluğu və hepatit B ilə yoluxmasının hamiləliyin hansı dövründə baş verməsindan asılıdır. Belə ki, əgər yoluxma 1-ci və 2-ci trimestrdə baş verirsə, uşaq nadir hallarda yoluxmuş olur (10%). Əgər xəstəliyin kəskin fazası 3-cü trimestrdə baş verirsə, onda vertikal yoluxma riski 70% təşkil edir.

Ananın xroniki virus infeksiyasının dölə təsiri və transplasentar yolla yoluxma ehtimalı virusun yükü (1 ml qanda virusun miqdarı) ilə və onun ana orqanizmi ilə qarşılıqlı əlaqəsi ilə müəyyən edilir. Virus yükünün daha çox olması yoluxmanın daha yüksək riskdə olmasına səbəb olur; xüsusilə, anadan  - uşağa, hamiləlik və doğuş zamanı. Uşağın yoluxmasının səviyyəsi riski ananın vəziyyəti, mamalıq amilləri, və xüsusi profilaktik tədbirlərin keçirilməsi ilə birbaşa əlagədərdir. Tədqiqatçıların əksəriyyəti hepatit C-nin vertikal yoluxmasınım virus titrləri 105-106 k/ml-dən çox olduqda baş verdiyni qeyd edir. 

Xroniki virus hepatiti və xolestaz (virus hepatitli hamilələrdə tez-tez rast gəlinən hal)  diaqnozu olan hamilələr infeksionist və mama-ginekoloq tərəfindən daima müşahidə olunmalıdır, belə ki, öd komponentlərinin ifrat çoxluğu hepatositlərin və kanalcıqların nekrozuna, qaraciyər-hüceyrə çatışmazlığına, uzun müddətli xolestaz zamanı isə assitə, şişkinliyə və qaraciyər ensefalopatiyasına gətirib cıxardır.

Beləliklə, virus hepatiti olan hamilə qadınlar mütləq şəkildə 3 mütəxəssis tərəfindən müşahidə olunmalıdırlar: mama-ginekoloq, infeksionist və hepatoloq!

Baxmayaraq ki, hepatit virusu anadangəlmə qüsurların əmələ gəlməsinə səbəb olmur, bəzi uşaqlar qaraciyərində iltihab əlamətləri ilə həyata gəlir. Hepatit B və C virusuna yoluxmuş analardan olan uşaqlarda yanaşı gedən irinli-iltihabi xəstəliklər qeyd edilir.

Doğuşu idarə edən mama-ginekoloq ananın statusundan xəbərdar olmalı, doğuş zamanı taktikasını dəyişməlidir: tibb personalı yenidoğulmuşun ananın qanı ilə əlaqədə olmamasına nəzarət etməlidirlər.

Yoluxmuş qadınların doğuşunun optimal yolu axıradək müəyyən olunmayıb. İtalyan alimlərinin məlumatlarına görə keysəriyyə kəsiyi ilə keçən doğuşda yoluxmanın keçməsi ehtimalı daha az olur (6%, 32%-ə qarşı). Digər tədqiqata əsasən, qeysəriyyə kəsiyi ilə doğulan uşaqların 5,6%, təbii yolla doğulanların isə 13,9% hepatitə yoluxmuşdur. Bu məlumat hepatit B və C-yə yoluxmuş hamilələrə verilməlidir. Onların hansı doğuş yolunun seçməsi vacib deyil, əsas odur ki, bu seçim könüllü olsun. Bu, infeksiyanın uşağa keçməsinin qarşısını almağa yardım edə bilər. Qərarın verilməsi zamanı anada hepatit B və C virus yükünü nəzərə almaq vacibdir. Virus yükü >106-107 k/ml olan analara optimal olaraq  qeysəriyyə kəsiyi ilə doğuş məsləhət görülür. Əgər qadın təbii yolla doğmaq istəyirsə, uşağın yoluxma ehtimalını minimum etmək lazımdır.

Hepatit B və C virusları ana südü ilə yoluxmadığına görə döşlə əmizdirmə üçün  manə deyil. Lakin süd  verən qadın döş gilələrinin və onların ətrafındakı toxumaların tamlığı pozulduqda (qan mikroçatlarvasitəsilə ilə körpənin orqanizminə daxil olaraq yoluxma təhlükəsini yarada bilər) ehtiyatlı olmalı və gigiyena qaydalarına riayət etməlidirlər. Yaralar qapandıqdan sonra döşlə əmizdirmə davam edə bilər.

Hepatit B və ya C olan qadın hamilə olmaq və doğmaq qərarına gəlirsə, o bilməlidir ki, doğulan körpəsində bir il müddətində anticisimlər olacaq ki, sonradan onlar yoxa çıxmalıdır. Əgər bir il yarım keçdikdən sonra onlar uşağın qanında tapılarsa, bu, onun yoluxduğuna dəlalət edir. Uşağın 18 ayı tamam olduqdan sonra o, yenidən qan analizi verməlidir. Və yaxud  doğuşdan dərhal sonra da polimeraz zəncirvarı reaksiya vasitəsilə virusun mövcudluğunu birbaşa təyin edən analiz də aparmaq olar.  

Doğulduqdan ilk 12 saat sonra körpəyə hepatit B-yə qarşı icbarı peyvənd edəcəklər. İkinci və üçüncü peyvəndi ambulator şəraitdə, təqvim planına uyğun olaraq həyata keçirəcəklər. Bundan əlavə, körpəyə doğuşdan dərhal sonra hepatit B-yə qarşı anticisimlər yeridəcəklər. Bu tədbirlər uşaqları xəstəlikdən 90% qorunmasını təmin edəcəklər. Beləliklə, yenidoğulmuşun ilk saatlarında edilmiş peyvənd hepatit B-nin qarşısının alınması üçün çox effektivdir. Əgər hepatit B-yə qarşı peyvənd aparılıbsa, onda döşlə əmizdirmə təhlükəsizdir. Doğuşdan sonrakı dövrdə siz müalicəni davam etməli olacaqsınız. Təəssüf ki, hepatit C-yə qarşı nə peyvənd, nə də immunoqlobulin yoxdur!

Əgər hepatit B və C-nin müalicəsi uzun müddət çəkibsə, onda hamiləliyin planlaşdırılmasını ən azı, müalicə qurtardıqdan 6 ay sonraya salmaq lazımdır, çünki, bu xəstəlik zamanı təyin edilən bəzi preparatların teratogen effekti var, yəni onlar dölün formalaşması zamanı patologiyalar əmələ gətirə bilərlər. Eyni səbəblərə görə, əgər ana döşlə qidalandırmağı planlaşdırırsa, onda hepatit əleyhinə müalicəni doğuşdan dərhal sonra başlamaq məsləhət görülmür. Bundan əlavə, həkimlər, uşaq böyüməyənə qədər bu müalicənin başlamasını məsləhət görmürlər, belə ki, müalicə zamanı ana yorğunluq və əsəbilik hiss edə bilər ki, bu da uşağa qulluq və qayğı zamanı mane ola bilər.

Buna görə,  ananın öz statusundan xəbəri varsa, ən yaxşı qərar - hepatit B və ya C-nin hamiləlikdən əvvəl müalicə olunmasıdır.

Diaqnostikanın məlumat vasitələrindən istifadə etməklə viruslu hepatitlərin skrininqinin keçirilməsi ana və uşaq sağlamlığının qorunmasının və effektiv profilaktika sisteminin yaradılması üçün əsas şərtlərdən biridir.

Sonda qeyd edək ki, hepatit B və ya C-yə yoluxmuş olduqlarını qadınlar məhz hamiləlik zamanı müxtəlif müayinə və skrininqlərdən keçərkən bilmiş olurlar. Praktika göstərir ki, onların böyük əksəriyyəti sağlam uşaq həyata gətirirlər. Əlbəttə, belə diaqnozu eşitmək hər adam üçün asan olmur, xüsusilə gələcək ana üçün. Lakin həyatda daha faciəli hallar olur. Əsas odur ki, hamilə özünü müsbət duruma kökləsin və bir qədər qorusun: hamiləlik və uşağın anadan olması sizin həyatınızı həmişəlik dəyişəcək. Və bu fonda olan bütün çətinliklər  arxa plana keçəcək.

Sağlam və xoşbəxt olun!