Xəbərlər

Aprel 30
2022
Qərarlardan asılı olmadan insanlar gigiyena qaydalarına əməl etməli, ara məsafəsini qorumalıdır

Nazirlər Kabinetinin qərarına əsasən mayın 1-dən etibarən maskalardan istifadə tələbi ləğv olunacaq. Lakin, hazırda pandemiya hələ bitməyib, yoluxma, yeni ştamların yaranması və yayılması təhlükəsi hələ də qalır. Həmçinin, bir sıra ölkələrdə yoluxma və ölüm saylarında artımlar da müşahidə olunur.

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan həkim-infeksionist Vasif Əliyev bildirib ki, ölkədə epidemioloji vəziyyət stabil olduğu üçün tibbi maskalardan istifadə məcburi olmayacaq.

"Artıq yoluxma hallarının sayı çox aşağıdır və hazırda COVID-19 təhlükəsi görülmür. Düzdür bəzi ölkələrdə koronavirusa yoluxma hallarında artım müşahidə olunsa da, ölkəmizdə epidemioloji vəziyyət stabildir. Maska tələbi ləğv olunsa da, hələ də tövsiyyə xarakteri daşıyır. İstər COVID-19, istərsə də digər infeksiyaların yayıldığı bir zamanda əgər şəxs özündə yoluxma təhlükəsini görürsə, yenə də maskadan istifadə edə bilər. Əgər ölkədə epidemioloji vəziyyət pisləşərsə, yoluxma sayında artım müşahidə olunarsa, Operativ Qərargah yenidən maska tələbəninin qüvvəyə minməsi ilə bağlı qərar qəbul edə bilər. Lakin hal-hazırda olan vəziyyət stabil olduğuna görə bu doğru addımdır. Verilən qərarlardan asılı olmadan insanlar gigyena qaydalarına əməl etməli, ara məsafəsini qorumalı, ehtiyac olduqda maskadan istifadə etməlidir", - deyə o qeyd edib.