Xəbərlər

Aprel 25
2022
"Ürək əməliyyatları artıq ölkəmizdə də kiçik kəsiklərlə aparılır."
Hippokratın dediyi və bu gün həkimlərin xəstələrini müalicə edərkən həmişə nəzərə aldıqları prinsip ilk növbədə zərər vermə prinsipidir.
 
Bilirik ki, cərrahiyyə əməliyyatı keçirmiş xəstələrimizdə nə qədər az yara açsaq, xəstələrimizin sağalma müddəti bir o qədər tez və problemsiz olacaq.
 
Medicina.az-a açıqlamasında uzman, ürək-damar cərrahı Özgür Kocamaz Baku Medikal Plazanın Mərkəz filialında icra olunan yeni metod damar əməliyyatlarından danışıb.
 
Əvvəllər uzun zaman idi ki, ürəkdə damar dəyişimini ayaqlarda 60-70 sm-lik böyük kəsiklərdən edirdik. Lakin xəstələrimizin həm sağalması, həm də reabilitasiyası zamanı gördüyümüz ən böyük sıxıntı aortokoronar şuntlama əməliyyatlarında istifadə etdiyimiz ayaq damarlarının hazırlanması üçün açılan yaralar idi.
 
Xəstələrimizin ürəyində əməliyyat nə qədər uğurlu olsa da, ayağındakı yaralar xəstələrimizi uzun müddət narahat edə bilirdi. Koronar şuntlama əməliyyatlarında aşağı ətraflardakı böyük dərialtı venalardan geniş istifadə olunur. Venanı açıq üsulla çıxardıqda, ayaqda 60-70 sm-ə qədər uzanan kəsiklər edilir.
 
Əksər xəstələr ayağdakı yaranın uzun müddət ərzində sağalmasından (1,5 – 2 ay), damar götürülən ətrafda ağrıdan, yara sağaldıqdan sonra ayaqda böyük kosmetik (xüsusilə qadın xəstələr) defektin qalmasından şikayətlənirlər.
 
Bundan başqa açıq üsulla vena çıxarıldıqda əməliyyatdan sonra bir çox ağırlaşmalar müşahidə edilir. Yara infeksiyası, aşağı ətrafın limfa ödemi, ayağda böyük ölçülü göyərmələrin olması (hematoma), yaradan axıntı (liforeya) kimi ağırlaşmalar xəstələrin stasionarda qalmasını uzadır, sağalma prosesi böyük zəhmət və vaxt tələb edir.
 
Artıq ayaqdakı damarı qapaqlı üsulla (endoskopik) 2 sm ölçüdə kiçik kəsikdən çıxarırıq. Yeni endoskopik üsulu Azərbaycanda da uğurla tətbiq edirik.
 
Ürək əməliyyatlarının ən çox icra olunan növü olan aorta koronar şuntlama əməliyyatlarını da artık sinə sümüyünü kəsmədən, kiçik kəsiklər ilə icra edirik.
 
Endoskopik metodla damar çıxarıldıqda xəstələrdə (xüsusilə şəkərli diabetli və artıq çəkili) yuxarıda qeyd edilən çatışmazlıq və ağırlaşmalar müşahidə edilmir, xəstlər daha az qan itirir və daha tez komfortlu şəkildə sağalaraq əvvəlki həyatlarına dönürlər.
Bu üsul xəstələrdə həm sağalma, həm də estetik baxımdan daha yaxşı nəticələr verir.
 
Açıq və ya qapalı əməliyyat olmasından asılı olmayaraq, endoskopik olaraq hazırlanan damarlarla xəstələrimizi çox böyük yaralardan xilas edə bilirik. Sağalma müddəti qısa çəkir".