Xəbərlər

Aprel 22
2022
Revmatoloq kimdir?

- Revmatoloq revmatolojik xəstəliklər adı verilən çoxlu sayıda xəstəliyin diaqnostikası və müalicəsi ilə məşğul olan həkim mütəxəssisdir.

Revmatoloqlar hansı xəstəliklərin diaqnostikası və müalicəsi ilə məşğul olur?
- Revmatoid artrit, ankilozan spondilit ( Bexterev xəstəliyi), psöriatik artrit, gut, Behçet xəstəliyi, ailəvi aralıq dənizi qızdırması ( FMF), qırmızı qurd eşənəyi, skleroderma (sistemik skleroz), sjögren sindromu, vaskülitlər, idiopatik inflamatuar myozitlər kimi daha bir çox revmatolojik xəstəlik ilə məşğul oluruq. 

Revmatizmal xəstəliklərin erkən diaqnostikası niyə əhəmiyyət kəsb edir?
- Çünkü erkən dövrdə diaqnoz qoyulub doğru müalicəyə başlananda bir çox revmatizmal xəstəliyin inkişafını yavaşlatmaq mümkündür. Əks təqdirdə revmatizmal xəstəliyin inkişafına bağlı olaraq oynaqlarda ciddi deformasiyalar və hərəkət məhdudluğu, həyati əhəmiyyət kəsb edən organların çatışmazlığı ilə qarşılaşa bilərik. 

Revmatizmal xəstəliklərin müşahidəsi niyə önəmlidir?
- Revmatolojik xəstəliyi olanlar diaqnozu və istifadə etdiyi dərmanların xüsusiyyətindən asılı olaraq müəyyən dövrdən bir kontrol muayinəyə çağrılır. Hər müayinədə məqsəd xəstənin hazırki vəziyyətini dəyərləndirməklə yanaşı ehtimal olunan kəskinləşmələri öncədən aşkar etmək, dərman qəbulu ilə bağlı yarana biləcək fəsadları tez müəyyən edib ortadan qaldırmaqdır. 

Revmatolojik xəstəliklərin müalicəsi mümkündür?
- Bəli, mümkündür. Ancaq bir çox halda sümük-oynaq və əzələ sistemindən başqa bir çox organ və sistemdə də dəyişikliklər olur. Ona görə də bu xəstəliklərin müalicəsi uzun zaman ala bilər. Ayrıca xəstəlik gedişatında kəskinləşmə və remissiya dövrləri müşahidə olunduğu üçün ara ara müalicədə dəyişiklik etmə ehtiyacı da yarana bilər. 

Revmatolojik xəstəliklər genetikdir? 
- Ailəvi aralıq dənizi qızdırması genetik xüsusiyyət daşıyır. Ancaq revmatizmal xəstəliklərinin çoxunun yaranmasında həm genetik, həm də ətraf mühit (ekologiya və sairə) faktorlarının müştərək təsiri vardır.  

Revmatolojik xəstəliyi olanlar uşaq sahibi ola bilər?
- Bəli, ola bilərlər. Ancaq xanımlar hamiləlik planı qurarkən öncə həkimi ilə məsləhətləşməli, xəstəliyinin remissiyada olub olmadığı dəqiqləşdirilməli və hamiləliyə uygun dərman preparatları seçilməlidir. Plansız hamiləliklər həm ana, həm dölün sağlamlığı, bəzən isə həyatı üçün ciddi problemlər yarada bilər.